10 dekabr 2025- ci il tarixində Baku Marriott Hotel Boulevard otelində Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Sammiti keçirilib. Tədbir “Dönüş nöqtəsi” konseptual devizi altında baş tutub.

Sammitin əsas məqsədi sənaye təhlükəsizliyi, texnoloji innovasiyalar, iqlim dəyişiklikləri və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmaların müzakirəsi, eləcə də qlobal təcrübə mübadiləsi üçün strateji platformanın yaradılması olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev sənaye təhlükəsizliyinin yalnız texniki məsələ olmadığını, milli təhlükəsizliyin, dayanıqlı inkişafın və ən əsası – insan həyatının qorunmasının əsas sütunlarından biri olduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna uyğun olaraq ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, risklərin minimuma endirilməsi və innovasiya yönümlü idarəetmənin gücləndirilməsi prioritetlər sırasında müəyyən edilib. Fövqəladə Hallar Nazirliyi bu prioritetləri ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə çıxışında bildirib ki, milli sənaye üçün həqiqi “dönüş nöqtəsi” süni intellekt və texnoloji trendləri sadəcə izləməkdə deyil, bu innovasiyaları sənaye təhlükəsizliyi sisteminə fəal şəkildə inteqrasiya edən ölkələr sırasına qoşulmaqda özünü göstərir.

Tədbirdə həmçinin vurğulanıb ki, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) rəsmi tərəfdaşı olan KRAN GROUP MMC ölkədə sənaye təhlükəsizliyi mədəniyyətinin inkişafına mühüm töhfə verib. Şirkət təhlükəsizlik standartlarının yüksəldilməsi, müasir həllərin tətbiqi və bu sahədə peşəkar icmanın gücləndirilməsi istiqamətində təşəbbüsləri fəal şəkildə dəstəkləyir.